Mayın 16-da Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib. V.Vəliyev müasir çağırışların sənaye və təhsilin inteqrasiyasını qaçılmaz faktora çevirdiyindən, bu yolda ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Bu önəmli missiyanın icrasına Azərbaycan Texniki Universitetinin çox ciddi hazırlaşdığını qeyd edən rektor Universitetdə müasir innovasiyalara uyğun islahatların həyata keçirildiyini, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində mühüm işlər görüldüyünü bildirib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov tədbir iştirakçılarının diqqətinə Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.
E.Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib. Bildirilib ki, müsabiqə zamanı 28 dövlət və özəl ali təhsil müəssisəsindən 150 müraciət daxil olub. Tələbələr “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər.
Çıxışının sonunda Elnur Nəsibov qalibləri və finalçıları təbrik edib, onlara uğurlar arzu edib.
Tədbir “Təhsil TV”nin təqdimatında müsabiqənin gedişatına dair videoçarxın nümayişi ilə davam edib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğı və diqqətindən bəhs edib. Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.
Daha sonra 7 tələbə müsabiqənin final mərhələsində iştirakına görə ali təhsil müəssisələrinin rektor və prorektorları tərəfindən təltif ediliblər. Tələbələr Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Günel Pənahova, Rasim Həsənzadə və Sima Məmmədova, Lənkəran Dövlət Universitetinin tələbəsi Rövşən Ağasizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Səbinə Zülfiyeva, Qərbi Kaspi Universitetinin tələbəsi Bayram Bayramov və Bakı Ali Neft Məktəbinin tələbəsi Kəvsər Hüseynovadır.
3 qalib tələbə ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. 1-ci yerə Bakı Ali Neft Məktəbinin tələbəsi Zahid Abdullayev, 2-ci və 3-cü yerlərə isə müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Nuray Nəzərli və Asim Əzizov layiq görülüblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Lətafət Qardaşova çıxışlarında müasir təhsil idarəçiliyinə töhfə verəcək bu cür müsabiqələrinin önəmliliyini vurğulayaraq Təhsilin İnkişafı Fonduna minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.