Mayın 14-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, özəl və dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayaraq, Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilən müsabiqəni tələbələrin potensialının qiymətləndirilməsi istiqamətində təqdirəlayiq addım hesab edib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinin keçirilməsində əsas məqsədin Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu qeyd edib.
Finalçılar ideyalarını tədbir iştirakçılarına təqdim etdikdən sonra 7 komanda və tələbə müsabiqənin final mərhələsində iştirakına görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfindən təltif ediliblər. Tələbələr Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova, Bakı Mühəndislik Universitetinin (BMU-İNHA İkili Diplom Proqramının) tələbəsi Murad İbrahimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Kamran Murtuzov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Aysel Məmmədova, Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva, Nübar Həsənquliyeva, Rəvan Xıdırov, Tamerlan Ağayev, Əkbər Bünyadzadə, Leyla Quliyeva, İranə Hüseynzadə və Çingiz Məmmədovdur.
Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin xor və rəqs nömrəsi ilə davam edib.
Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıblar. 1-ci yerin qalibləri “Olympus” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Tamerlan Ağayev və Əkbər Bünyadzadə, 2-ci yerin sahibləri “LearnEd” təqdimatı ilə Bakı Mühəndislik Universitetinin (BMU-İNHA İkili Diplom Proqramının) tələbələri Ayxan Ələkbərov, Səid Quluzadə və Nihad Məhərrəmov olublar. 3-cü yerə “Cücələrim” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva layiq görülüblər.
Tədbirin yekununda müsabiqənin həlledici mərhələsində böyük rolu olan münsiflər heyətinin üzvləri Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırılıbar.