Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Təhsilin İnkişafı Forumu 2024 keçirilib.
Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Forum “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı altında baş tutub. Yerli və beynəlxalq moderator və spikerlərin iştirakı ilə reallaşan Forumda “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı” panelləri təşkil olunub. Dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişaf etdirilməsinə yönəlmiş Foruma dövlət, sənaye və universitetləri təmsil edən 350-dən çox mütəxəssis qatılıb.
Artıq ikinci dəfədir təşkil edilən Təhsilin İnkişafı Forumu Kapital Bank, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp Azərbaycan və “Lenovo Global Technology Azerbaijan” MMC-nin sponsorluğu ilə həyata keçirilib.