Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun rəhbərlik etdiyi nümayəndə heyəti innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində Fondun nümayəndə heyəti qabaqcıl universitetlərin, texnoparkların, araşdırma və inkişaf mərkəzlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Gebze Teknik Universitetinin rektoru doktor, professor Hacı Ali Mantarla görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Təhsilin İnkişafı Fondu vasitəsilə Azərbaycan universitetləri ilə birgə sənaye, İT, elektrotexnika, mühəndislik, biotexnologiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.
Görüş çərçivəsində nümayəndə heyəti Gebze Teknik Universitesinin texnoparkı ilə tanış olaraq burada yerləşən şirkətlərin məhsulları haqqında ətraflı məlumat əldə edib.
Bilişim Vadisində baş tutan görüş zamanı qurumun Beynəlxalq əlaqələr departamentinin direktoru Sezen Güngör tərəfindən Bilişim Vadisinin tarixi, burada fəaliyyət göstərən şirkətlər, onlara verilən imtiyazlar, startapçı və mütəxəssislərin yetiştirilməsi, yerli və beynəlxalq layihələr haqqında məlumatı əks olunan təqdimat nümayiş etdirilib.
Təhsilin İnkişafı Fondunun nümayəndə heyətinin Türkiyə Respublikasına olan səfəri davam edir.