29 oktyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Təhsilin İnkişafı Fondunun və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və hər üç qurumun təmsilçiləri iştirak edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ölkə başçısının Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulan və son dövrlərdə proqrama uyğun həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydada Müəllimlərin Sertifikasiya prosesi və Müəllimlərin İşə Qəbul Müsabiqəsi, həmçinin direktorların işə qəbul və digər müsabiqələr keçirilib, məktəbəqədər təhsil müəssisələrində uşaqların qeydiyyatı elektron sistem üzərindən ölkə üzrə mərkəzləşmiş qaydada həyata keçirilib, Elm və Təhsil Nazirliyinin 12-ə yaxın elektron resursuna qoşulub. Bildirilib ki, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə keçirilən görüşün məqsədi hər iki qurumla əməkdaşlığı genişləndirməkdir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov təmsil etdikləri qurumlarının fəaliyyəti və əməkdaşlıq perspektivlərindən danışıblar.
Görüşdə hər iki qurumla əməkdaşlığın genişləndirilməsi, naxçıvanlı şagirdlərin olimpiada nailiyyətlərinin artırılması, ali təhsil müəssisələrində ingilis dili müəllimlərinin bilik və bacarıqlarının artırılması, IELTS imtahanının təşkili, məktəblərdə peşətəmayüllü siniflərin formalaşdırılması, peşə təhsili müəssisələrində və ümumtəhsil məktəblərində birgə monitorinqlərin təşkili, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Sonra qonaqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının ticarət nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsi çərçivəsində yaradılan data mərkəzi və “Telekonfrans” otağı ilə tanış olublar.
Daha sonra Heydər Əliyev muzeyində olan qonaqlar dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.