Martın 4-də STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Nigar Arpadai, STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iştirak ediblər.
Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər.
Açılış nitqi ilə çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov gənc kadrların yetişdirilməsinin vacibliyindən danışıb. H.Valehov ötən il ərzində “Sabahın Gücü” İnkişaf Proqramının 50 gənc mütəxəssis yetişdirdiyini, hazırda onların böyük əksəriyyətinin bu gün peşəkar mütəxəssis kimi STP Şirkətlər Qrupu və digər müxtəlif müəssislərdə çalışdığını bildirib. Uğurlu nəticələr əldə edilən bu təşəbbüsün davamı olaraq “Zərif mühəndislər” layihəsinə start verilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu kimi layihələrin gender bərabərliyi baxımından vacib olduğunu vurğulayıb.
Gender bərabərliyinin cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri olduğunu vurğulayan Komitə sədri sənaye sahəsində fəaliyyət göstərən mühəndislərə baxdıqda bu sahəyə xanımların marağının az olmasının hiss olunduğunu və bu məsələdə uzun illər ərzində formalaşmış stereotiplərin də öz rolunu bu məsələdə oynadığını bildirib. B.Muradova, bu təşəbbüsün məhz formalaşmış stereotipləri qırmaq, xanımlarımıza öz fərdi və peşəkar inkişaflarında kəşf edə biləcəkləri yeni sahələri göstərmək üçün uğurlu bir layihə olacağına əmin olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai sənaye sahəsində kadr yetişdirilməsi üçün vacib olan bu təşəbbüsdən dolayı təşkilatçıları təbrik edib. N.Arpadarai gender bərabərliyi ilə yanaşı bu kimi layihələrin gənc kadrların yetişdirlməsi, sözügedən sahədə mütəxəssislərin formalaşdırlması baxımından cəmiyyət üçün çox faydalı olduğunu bildirib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu günədək Fond tərəfindən, tərəfdaş qurumların dəstəyilə təqaüd proqramlarında iştirak edən xanımların sayının 180 nəfərə qədər yüksəldiyini bildirib. Qeyd olunub ki, “Zərif mühəndislər” layihəsinin digər vacib xüsusiyyəti təqaüdlə yanaşı qızlara mentorluq, təcrübə və təlimlərin təşkil olunmasından ibarətdir. Ali təhsilin əsas məqsədlərindən biri kimi əmək bazarı tələblərinə uyğun kadr hazırlığı olduğunu vurğulayan sədr, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan layihənin də sırf bu məqsədə xidmət etdiyini bildirib.