Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının qonağı olub. Görüşün əsas məqsədi iki qurum arasında əməkdaşlıq imkanlarının müzakirəsi olub.
STP-nin Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva qonaqları salamlayaraq STP-nin fəaliyyəti, unikal sahələr üzrə kadr bazasının formalaşdırılması istiqamətində gördüyü işlər və gələcək planları haqqında danışıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov peşəkar kadr hazırlığının təmin olunması üzrə mühüm işlər görən STP ilə universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və innovasiya sisteminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.
Görüşün gedişatında STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu arasında qızların təhsilinə dəstək, internat məktəbində böyümüş və hazırda peşə məktəblərində təhsil alan gənclər, eləcə də şəhid xanımları və övladları üçün müxtəlif proqramların həyata keçirilməsi, birgə “bootcamp”ların təşkil edilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.