İyulun 18-də Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən universitet-sənaye işbirliyi mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirilib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin Təhsilin İnkişafı Fondu (TİF) və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılmasıdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Universitet-sənaye işbirliyi və İT” mövzusunda təqdimatla çıxış edib. Rektor bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır. Bu işbirliyində İT sektorunun inkişafı da mühüm amildir. Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıqlar qurulmalıdır.
Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdırıb. TİF İdarə Heyətinin sədri müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını bildirib. Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin araşdırmasından maraqlı məlumatı görüş iştirakçıları ilə paylaşıb. Şirkət, dünyada qızların İKT sahəsinə marağının az olması səbəblərini araşdırıb. Birinci səbəb İT və STEM sahəsinin kreativliyinin az olması, ikinci səbəb isə İT sahəsində müəllimlərin 70%-nin kişilərdən ibarət olmasıdır. Bu stereotip təhsilalanlara 4-cü sinifdən sonra təsir etməyə başlayır. V. Xanlarov bu məsələnin həllinin İT təhsilinin kütləvi və hər kəsə əlçatan olmasında gördüyünü vurğulayıb.
“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də vacib olduğunu qeyd edib. L.Seyidzadə təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır. Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqramda iştirak üçün Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilər.
Sənaye və biznes nümayəndələri tədbirdə fəal iştirak ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “Edumedia Azərbaycan” MMC-nin rəhbəri Orxan Abbasov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azerbaijan Global İT Technology” şirkətinin icraçı direktoru Rəşad Əhmədov, “CAE” MMC-nin rəhbəri Rahim Xasıyev, “BestComp Group” MMC-nin insan resursları şöbəsinin rəhbəri Fuad Qənbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.
Yekunda TİF sədri E.Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb və bütün iştirakçılara təşəkkürünü bildirib.