Aprelin 2-də ADA Universitetində “2022–2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş və karyera sərgisi keçirilib. Tədbirin keçirilməsində məqsəd xaricdə təhsil almış gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləmək və ölkənin kadr potensialını gücləndirməkdir.
30-a yaxın nüfuzlu dövlət və özəl sektorları təmsil edən qurumların iştirakı ilə həyata keçirilən sərgidə Təhsilin İnkişafı Fondu da təmsil olunub. TİF nümayəndələri sərgi iştirakçılarına Fondun fəaliyyəti barəsində məlumatlandırıb, tələbə və məzunları müxtəlif iş imkanları ilə tanış edib.
Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Həsən Həsənli ötən il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil imkanı qazanmış 50 gəncin dünyanın 10 ən yaxşı universitetinə qəbul olduğunu xatırladıb. Nazir müavini əlavə edib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir.
Ardınca Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova çıxış ediblər.
Tədbirdə həmçinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının dövlət qulluğuna müraciət etmək qaydaları”, “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu”, “Əmək bazarına çıxış üçün nə tələb olunur?” mövzularında maarifləndirici çıxışlar olub.