Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məsləhət xidmətinin – layihəsinin hesabat konfransı keçirilib.
Tədbirdə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitet-sənaye-dövlət tandemində həyata keçirilən ilk layihələrdən olan mobillik planının icrası istiqamətində işlərin görülməsinə 2022-ci ildə başlanılıb. Layihə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilib. 2023-cü ildə ilkin olaraq universitetlə 16 şəhər və rayon (Yevlax şəhər, Şəki şəhər, Göyçay rayon, Ağcabədi rayon, Göygöl rayon, Şəmkir rayon, Naftalan şəhər, Mingəçevir şəhər, Tovuz rayon, Quba rayon, Qusar rayon, Xaçmaz rayon, Lənkəran şəhər, Biləsuvar rayon, Masallı rayon və Şirvan şəhər) icra hakimiyyətləri arasında müqavilə imzalanıb.
Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxış edərək sözügedən layihədə universitet-sənaye-dövlət tandeminin iştirakını müsbət dəyərləndiriblər. Qeyd olunub ki, AzTU-nun nəqliyyat sahəsində yüksəkixtisaslı kadrlar hazırlayan universitet olaraq bu istiqamətdə dəstəyi hər zaman hiss olunur.
AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov görülən işlərin hesabatı ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihə üzrə bölgələrdə əhali arasında sorğuların aparılmasına 100-ə yaxın tələbə (77 bakalavr, 22 magistr) və 15 müəllim cəlb olunub. Bundan başqa, Özbəkistan və Türkiyənin mobilliklə bağlı təcrübəsi öyrənilib.
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Yolçuyev təqdim edilən hesabatla bağlı fikirlərini bölüşüb.
Tədbir sual-cavab sessiyası ilə davam edib.