Fevralın 20-də Bakı Dövlət Universiteti (BDU), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, hər bir cəmiyyətdə qızların və qadınların təhsilə və elmi fəaliyyətə cəlb edilməsi gender bərabərliyinin mühüm istiqamətlərindən biridir. Qızların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir.
Rektor qeyd edib ki, BDU-da hazırda bakalavriatura və magistratura təhsil səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır. Onlardan 16 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, ölkəmizdə təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açan Bahar Muradova bildirib ki, qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq və təhsildə gender bərabərliyini təmin etmək əsas hədəflərdən biridir.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində Azərbaycanda qızların təhsilinin uzunmüddətli hədəflərdən olduğunu vurğulayıb. Qeyd edib ki, qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir. Nazir bildirib ki, bu gün daha çox qız müxtəlif pillələrdə təhsilə cəlb olunur. Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə çox gənc təhsil alır. Təhsil alanlar arasında gənc xanımların sayının artması savadlı anaların, ailələrin olması deməkdir. Təhsil Azərbaycan gənclərinin, xüsusilə qızların növbəti mərhələlərdə özünün və cəmiyyətin inkişafını şəkilləndirən amil olacaq. Beynəlxalq təhsil tədqiqatları da ali təhsil almış valideynlərin övladlarının nəticələrinin daha yüksək olduğunu göstərir. PİSA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri də bunu təsdiqləyir. Təhsilli ailələrdə böyüyən uşaqların akademik uğurları daha yüksəkdir. Bu, təhsilin uzunmüddətli təsirini göstərən vacib faktordur. Təhsilə daha çox qız cəlb olunarsa, dünyada təxminən 3 milyona yaxın insan yoxsulluqdan qurtula bilər.
Konfransın gedişatında BDU və AQUPDK arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən qızların təhsilinə dəstək istiqamətində aparılan layihələrdən söz açıb. Bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı, “NEQSOL Holding” ilə birgə “Parla” təqaüd və inkişaf proqramı, STP Şirkətlər Qrupu ilə birgə “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramları həyata keçirilib. Bu proqramlara 2600-ə yaxın müraciət edilib, ümumilikdə 336 qız təqaüd alıb. Bu cür proqramlar dövlət-özəl tərəfdaşlığı vasitəsilə davam etdiriləcək və qızlarımızın təhsilinə təşviqi işi gücləndiriləcək.
Deputat Mehriban Vəliyeva, BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Dövlət Gömrük Akademiyasının İnformasiya texnologiyaları fakültəsinin tələbəsi, “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçısı Fidan Mehdiyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçısı Vüsalə Əliyeva çıxışlarında ölkədə qızların təhsil almaları üçün yaradılan yüksək şərait və göstərilən qayğıdan danışıb, bunun cəmiyyətin inkişafı üçün vacib addımlardan olduğunu bildiriblər.
Tədbir bədii proqramla davam edib.