Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün xaricdə təhsil haqqında məlumat sessiyası təşkil olunub.
Tələbələrin şəxsi və peşəkar inkişaf fəaliyyətləri çərçivəsində Davamlı İnkişaf Mərkəzində baş tutan tədbirdə “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyinin (AUKAA) İdarə Heyətinin üzvləri, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın İdarəetmə Qrupunun (DPİQ) mütəxəssisi və xaricdə təhsil üzrə mütəxəssis spiker qismində çıxış ediblər.
Panel çıxışlar formatında təşkil olunan tədbirin əsas məqsədi tələbə qızları Birləşmiş Krallıq və digər ölkələrdə təhsil imkanları barədə məlumatlandırmaq olub. DPİQ-in mütəxəssisi Aygül İsmayılova xaricdə təhsil üzrə dövlət proqramına müraciət şərtləri, seçim mərhələləri və s. barədə geniş təqdimatla çıxış edib. AUKAA-nın İdarə Heyətinin sədri Sabir Məmmədov, sədr müavini Nərmin Bağırzadə və üzvü Aslan Mirzəyev Böyük Britaniyada həyat və təhsil, eləcə də xaricdə təhsillə bağlı öz təcrübələrini bölüşərək, üzləşdikləri çətinliklərdən bəhs ediblər. Xaricdə təhsil üzrə mütəxəssis Nigar Bayramlı isə xarici ölkələrdə təhsilə müraciət edən zaman tələbələrin diqqət yetirməli olduqları məqamları vurğulayıb. Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunaraq tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramının 50 uğurlu iştirakçısı müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr aylıq təqaüd ödənişləri ilə təmin olunur. Bundan əlavə tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edilir.