Modern İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile şirkətinin dəstəyi ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən 10 abituriyent mükafatlandırılıb.
Tədbirin məqsədi ölkə birincilərini ictimaiyyətə tanıtmaq, eyni zamanda, gələcək hədəflərində uğura çatmaq üçün onlara yardımçı olmaqdır. Tədbirdə Milli Məclisin deputatları, Elm və Təhsil nazirliyinin əməkdaşları, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri, dövlət rəsmiləri, tanınmış ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Elm və Təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov gəncləri təbrik edib:
“Nazirlik adından abituriyentləri təbrik edirik. Ali təhsil bizim həyatımızda çox vacib məqamdır. Bu gün təhsil bizim üçün böyük nailiyyət hesab olunur. Bu, həmçinin məsuliyyət deməkdir. Gənclərimiz də bunu çox yaxşı başa düşürlər. Son illərdə nazirliyin üzərinə çox vacib məsələlər düşür. Bizim gənclərimizin yüksək nəticə əldə etməsi bizim üçün böyük uğur deməkdir. Dünyanın top universitetlərinə qəbul, bakalavr yerlərinin tam dolması bizim gələcəyə uğurlu addım atmağımızdan xəbər verir. Bu gün hər bir təhsil müəssisəsinin əsas vəzifəsi yüksək kadrlar yetişdirməkdir. Gənclərimizi təbrik edir, karyeralarında uğur arzulayırıq”.