Naxçıvan Müəllimlər İnstitutu (NMİ) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni NMİ-nin rektoru Azad Novruzov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.
İmzalanma mərasimində NMİ, TİF, Kapital Bankın əməkdaşları, təhsilin müxtəlif pillələrindən tələbələr və media nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən rektor Azad Novruzov ölkəmizdə aparılan təhsil siyasəti haqqında danışaraq bildirib ki, inkişaf etmiş ölkələrdə istifadə olunan bu təcrübənin birgə layihə əsasında ölkəmizdə, eyni zamanda Naxçıvan Müəllimlər İnstitutunda tətbiqi təqdirəlayiq addımdır və bu imzalanan əməkdaşlıq müqaviləsi gənclər üçün daha geniş imkanlara hədəflənib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas missiyalarından, təhsilin bütün pillələrinə şamil olunan “TələbəPlus” layihəsinin məqsədlərindən, layihə çərçivəsində görülən işlərdən, tələbələr üçün mövcud güzəştlərdən danışıb. Vurğulayıb ki, kart vasitəsilə tələbələr layihə tərəfdaşlarının təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq. Həmçinin yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır.
Görüşün sonunda Təhsilin İnkişafı Fondunun fəaliyyətinə və həyata keçirdiyi layihələrin təqdimatına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər.
Həmçinin tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində “TələbəPlus” bölməsi yaradılacaq ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq.