“Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramına müraciət başladı.
Təqaüd Proqramının təsis məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasıdır. Layihə Azərbaycan vətəndaşı olan 15-40 yaş arası xanımların İKT sahəsində yeni bilik və bacarıqlar əldə etməsinə yönəlmişdir.
Təqaüd proqramı müasir texnologiyalar sahəsində ixtisas təlimləri verən yerli kurs və akademiyalarda tədris haqqını qarşılamaqla, xanımların əmək bazarında ən çox ehtiyac duyulan peşələr üzrə biliklərə yiyələnmələrinə şərait yaradır.
Təqaüd proqramı üçün müəyyən edilmiş istiqamətlər:
– UI/UX dizayn
– Rəqəmsal Marketing
– Flutter texnologiyası ilə mobil aplikasiyalarının yazılması
– Kiber Təhlükəsizlik
– QA Tester
– BI Developer
Müraciətçilərin ərizələri təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, uyğun namizədlər tərəfdaş tədris müəssisələri tərəfindən təşkil edilən müvafiq proqram üzrə imtahanda iştirak edəcəklər. İmtahandan məqbul nəticə əldə edən şəxslər yekun mərhələdə – müsahibədə iştirak haqqı qazanacaqlar. Müsahibə mərhələsini uğurla yekunlaşdıran namizədlər təqaüd almaq imkanı əldə edəcəklər.
Təqaüd proqramına müraciət üçün qeydiyyat linki – https://bit.ly/3wekyNS.
Son müraciət tarixi: 08.03.2024