İyulun 7-də Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi arasında Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramının təsis edilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə imzalayıblar.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycan Mətbuat Şurasının, dövlət və özəl qurumların, təlim və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.
Açılış sözü ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, təqaüd proqramının Azərbaycanın ilk riyaziyyatçı qadın alimi, riyaziyyat elminin inkışafında böyük töhfəsi olan Maya xanım Hacıyeva adına olması xüsusi əhəmiyyətə malikdir. Maya Hacıyevanın əslən Şuşalı olması isə, təqaüd proqramını hər birimiz üçün doğmalaşdırır.
Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq tədbirin başlıca məqsədi haqqında məlumat verib. E.Nəsibov müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye və biznes nümayəndələrinin iştirakının əvəzsiz rol oynadığını bildirib. Qeyd olunub ki, innovativ mühitin yaradılmasını sənayenin iştirakı və tərəfdaşlığı olmadan təsəvvür etmək mümkün deyil. Dəyişən dünyada universitetlərin də dəyişən rolunu nəzərə almağa gərək var. Yekunda E.Nəsibov bütün iştirakçıları AzTU-da əsası qoyulan universitet-sənaye işbirliyi mərkəzindən yararlanmağa dəvət edərək, digər ali təhsil ocaqlarında da bu cür mərkəzlərin yaradılacağına umid etdiyini bildirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli formalaşan əmək bazarının açarının hər zaman təhsil olduğunu vurğulayıb. M.Abbasbəyli qeyd edib ki, təhsil dedikdə ənənəvi təhsili deyil, təhsildə yeni metodlar və yanaşmalar nəzərdə tutulur. Müasir dünyada gənclərin inkişafı, fərdi şəkildə əmək bazarına hazırlanması prosesində bu kimi layihələr çox böyük önəm daşıyır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva vətəndaşlarımızın hazırda dövlət və özəl qurumları tərəfindən yaradılmış imkanlardan faydalana bildiyi üçün çox şanslı olduqlarını vurğulayıb. İ.Vəliyeva Azərbaycanda müxtəlif qurumlar tərəfindən verilən təqaüdlərin yalnız 35%-nin qadınlar tərəfindən əldə edildiyini bildirərək bu tip təqaüd və dəstək proqramlarında qadınların xüsusi ehtiyaclarının nəzərə alınması vacibliyini vurğulayıb.
“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də çox vacib olduğunu qeyd edib.
Yekunda təqdimatla çıxış edən “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirib ki ki, əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.
Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqrama Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.