Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğur qazanmış namizədlərlə görüş keçirilib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən görüşdə I “Maarifçi” proqramının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak ediblər.
Proqram çərçivəsində Gəncə-Daşkəsən və Mil-Muğan regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar.
Mətin Kərimli gəncləri salamlayaraq onlara proqramla bağlı məlumat verib və proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarını vurğulayıb.
Aparat rəhbəri gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib.
Proqrama yeni qəbul olunan namizədləri fəal olmağa çağıran Mətin Kərimli hər birinə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən I “Maarifçi” tələbə-məzun təcrübə proqramının nazirlikdə çalışan iştirakçıları da öz təəssüratlarını bölüşüb və yeni iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına II mərhələdə 30 nəfər təcrübəçi seçilib.
3 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər.
Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.