Sentyabrın 5-də Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konfransda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov təhsil sahəsində aparılan islahatlardan və ölkəmizin təhsilində baş verən nailiyyətlərdən söz açıb. Qarabağda və bütün Respublika ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında söz açan Elnur müəllim çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov Azərbaycanda Təhsil sahəsində aparılan islahatlardan söz açıb. İlham müəllim çıxışında qarşıdan gələn 15 Sentyabr – Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Daha sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Direktor müavini Fuad Qarayev Mərkəzi Aran Regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri haqqında danışıb. Dövlətimizin bir sıra təhsil müsabiqələrini maliyyələşdirməsindən söz açan Fuad müəllim şagirdlərimizin beynəlxalq müsabiqələrdəki uğurlarından danışıb. Növbəti ildə baş tutacaq təlimlərlə bağlı informasiyanı konfrans iştirakçıları ilə paylaşan Fuad Qarayev bir sıra maraqlı və vacib məqamlar haqqında konfrans iştirakçılarını məlumatlı edib.
Təsbirin sonunda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Hesabatda Yaşıl Dünya naminə görülmüş işlər haqqında məlumat verən idarə müdiri bu sahədə həyata keçirilmiş layihələrdən danışıb. Elçin müəllim İdarənin tabeliyində olan rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb. Müxtəlif statistik kəmiyyətlərə toxunan və gələcək hədəflərdən danışan idarə müdiri sonda bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzu edib.