12 mart tarixində Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş baş tutub.
Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov iştirak ediblər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına şagirdlərə hədiyyə olunan kitablar üçün təşəkkürünü bildirib. Coşqun Əliyev bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamatləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə müddətində ümumi ianə edilən kitabların sayının 4800 ədəd olduğunu bildirib.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və şirkətin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.