Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti benefisiarı olan Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri ilə görüş Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində baş tutub. Görüşdə region məktəblərinə 800 kitab hədiyyə edilib.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Fond və Regional Təhsil İdarəsinin nümayəndələri, məktəbin direktoru, müəllim və şagirdləri iştirak ediblər.
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbinin direktoru İlqar Paşayev qonaqları salamlayaraq layihə təşəbbüskarlarına məktəb adından təşəkkürünü bildirib.
Daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bu cür layihələrin şagirdləri daha çox kitab oxumağa həvəsləndirdiyini qeyd edərək kitabların, xüsusilə bədii ədəbiyyatın onların dünyagörüşünün zənginləşdirilməsində mühim rol oynadığını vurğulayıb. O, şagirdləri layihə çərçivəsində ianə edilən kitablardan mümkün olduğu qədər yararlanmağa çağırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin tam dəstək göstərdiyini qeyd edib. X.Daşdəmirova layihə çərçivəsində artıq 5-ci Regional Təhsil İdarəsində görüşün keçirildiyini, eləcə də ümumi ianə edilmiş kitabların sayının 4800 ədəd olduğunu bildirib.
Görüş müəllim və şagirdlərin iştirak etdiyi müzakirələrlə davam edib.