13 sentyabr tarixində Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseydə Mil – Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri və müəllimləri ilə görüş baş tutub.
Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Mil – Muğan Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov iştirak ediblər.
Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qonaqları salamlayaraq layihənin təşəbbüskarlarına şagirdlərə hədiyyə olunan kitablar üçün təşəkkürünü bildirib. R.Musayev bu cür layihələrin şagirdləri dərsliklərdən əlavə ədəbiyyat oxumağa həvəsləndirdiyini xüsusi vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov görüş iştirakçılarını Fondun yaranması, əsas fəaliyyət istiqamatləri, hazırda icra edilən layihələr haqqında məlumatlandırıb. Fondun dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini bildirən sədr, layihə haqqında ideyanın yarandığı ilk günlərdən “Inci Group of Companies” şirkətinin dəstəyini vurğulayıb. E.Nəsibov layihə müddətində ötən il ianə edilən kitabların sayının 4800 ədəd olduğunu bildirib. Bu il daha 5000 kitabın ölkə üzrə ianə edilməsi gözlənilir.
“Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov layihənin bir hissəsi olduğu üçün özünü xoşbəxt hiss etdiyini və şirkətin gələcəkdə də məktəbin şagirdləri, əlaçıları üçün həvəsləndirici hədiyyələr təqdim edə və kitablar ianə edə biləcəyini vurğulayıb.
Görüşün davamında şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, mütaliə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.