“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
Layihəyə ümumilikdə 573 müraciət daxil olub. Müraciət ərizələrinə təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, 105 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələni uğurla yekunlaşdıran 50 nəfər isə “Zərif mühəndislər” təqaüd proqramının qalibi olaraq təqaüd almaqla yanaşı, təcrübə və təlim proqramlarından yararlanmaq imkanını əldə edib.
2024-cü il ərzində təqaüd proqramının iştirakçıları STP Şirkətlər Qrupu və Sumqayıt Dövlət Universitetinin birgə həyata keçirdiyi “Gələcək Mühəndislər” proqramına qoşularaq peşəkarların təcrübəsini öyrənib, yeni nəzəri və praktik biliklərə yiyələniblər, GemZA Holdinqə səfər ediblər. Tələbə qızlar həmçinin “İqlim dəyişikliyi və Azərbaycan” və digər mövzularda təlimlərdə, eləcə də STP Şirkətlər Qrupu daxilində olan müəssisələrdə təcrübə proqramında iştirak ediblər.