Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa dair razılaşmaya əsasən Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. 2023-cü ildə 674 müraciət arasından 50 nəfər qalib müəyyən edilib. Beləliklə, 2024-cü ilin sentyabr ayından etibarən 12 ay müddətinə 50 nəfər qıza 200 manat məbləğində təqaüd verilib. 50 qalib arasından 5-i şəhid yoldaşıdır.
2024-cü ilin sentyabr ayında “Parla” təqaüd və inkişaf proqramının ilk məzun günü keçirilib, 14 nəfər tələbə qız proqramdan məzun olub. Həmin tələbələrdən 3-ü “NEQSOL Holding” və şirkətlərində işlə təmin olunublar. 36 qız təqaüd almağa davam edir.
Proqram iştirakçılara aylıq təqaüdlə təmin olunma imkanı verməklə yanaşı, təcrübə, mentorluq, təlimlərdə iştirak və “NEQSOL Academy” və “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanları yaradır. Bundan əlavə, proqram çərçivəsində qızlar ingilis dili, IELTS imtahanına hazırlıq üzrə kurslara cəlb edilir, IELTS imtahanını ödənişsiz vermək fürsəti əldə edirlər.
2024-cü il ərzində iştirakçıların şəxsi və peşəkar inkişaflarının artırılması məqsədilə ünsiyyət bacarıqları, karyera inkişafı üzrə təlimlər, xaricdə təhsil haqqında məlumat sessiyası keçirilib, “Norm” ASC-nin istehsalat zavoduna sahə turu təşkil edilib.
17 sentyabr 2024-cü il tarixində “Parla” təqaüd və inkişaf proqramına yenidən qeydiyyat açıq elan edilib. Proqrama ümumilikdə 791 nəfər müraciət edib, bütün seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. 120 tələbə qız hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəaliyyətləri, tələbə həyatı ilə bağlı müsahibə olunub. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Beləliklə sözügedən təqaüd proqramında iştirak edən gənc qızların sayı 86 nəfərə çatıb.