Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. İki qurum arasında əldə olunmuş razılaşmaya əsasən, proqram çərçivəsində hər il Azərbaycanda 50 tələbə qız təqaüd və inkişaf imkanları ilə təmin olunur.
“Parla” proqramı iştirakçılara aylıq təqaüd təqdim etməklə yanaşı, təcrübə və mentorluq proqramlarında iştirak, müxtəlif təlimlərə cəlb olunma, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış imkanı yaradır. Eyni zamanda iştirakçılar ingilis dili və IELTS imtahanına hazırlıq kurslarına cəlb edilir, IELTS imtahanını ödənişsiz şəkildə vermək fürsəti əldə edirlər.
İştirakçıların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə ünsiyyət bacarıqları və karyera inkişafı üzrə təlimlər, xaricdə təhsil imkanlarına dair məlumat sessiyaları təşkil olunur, eləcə də “Norm” ASC-nin istehsalat zavoduna sahə turu həyata keçirilir.
2023-cü ildə proqrama daxil olan I kohort üzrə 674 müraciət arasından 50 nəfər qalib seçilib və 2024-cü ilin sentyabr ayından etibarən 12 ay müddətində hər bir iştirakçıya aylıq 200 manat məbləğində təqaüd verilib. Qaliblər arasında 5 nəfər şəhid yoldaşı olub. I kohort üzrə “Parla” təqaüd və inkişaf proqramının ilk məzun günü keçirilib, 14 tələbə qız proqramı uğurla başa vurub. Həmin məzunlardan 3 nəfəri “NEQSOL Holding” və ona bağlı şirkətlərdə işlə təmin olunub, 36 nəfər isə hazırda proqramda iştirakını davam etdirir.
2024-cü ildə proqrama yenidən qeydiyyat elan edilib və ümumilikdə 791 müraciət daxil olub. Seçim meyarlarına cavab verən 128 namizəd müsahibə mərhələsinə dəvət edilib, onlardan 120 tələbə qızla fərdi müsahibələr aparılıb. Bütün mərhələləri uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub. Bununla da proqramda iştirak edən gənc qızların ümumi sayı 86 nəfərə çatıb. Onlardan 27 nəfər artıq məzun olub, 59 nəfər isə proqramda iştirakını davam etdirir.
2025-ci ildə proqram üçün üçüncü dəfə qeydiyyat açıq elan edilib. Ümumilikdə 1 170 müraciət daxil olsa da, seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə cəlb olunub. Nəticədə 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının iştirakçısı seçilib. Beləliklə, proqram çərçivəsində indiyədək aktiv təqaüd alan tələbə qızların sayı 109 nəfərə çatıb.
