1 Fevral 2023-cü il tarixində Təhsilin İnkişafı Fondu “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində işçi görüş keçirib.
Görüşdə tərəfdaş qurumlar olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun məqsədləri, strateji hədəfləri, fəaliyyət istiqamətləri, icra vəziyyətində olan layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Fondun inzibati idarəetmə şöbəsinin müdiri Ramin Cəfərov proqramın icrası, müraciətlər, kvotalar, tələb olunan sənədlər, rüsumların ödəniş prosedurları barədə ətraflı izah edib və iştirakçıları maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə rüsumları Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.