ADA Universitetində “Şuşa ili”nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi keçirilib.
Forumda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin qonaq spikerləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva açılış mərasimində yerli və xarici qonaqları salamlayaraq işğal dövründə Şuşa şəhərinin maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılmasında, eləcə də işğaldan sonrakı mərhələdə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmalar aparılması barədə məlumat veriblər.
Tədbir zamanı 2 panel müzakirə də təşkil edilib. “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, “Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası” mövzularına həsr olunmuş panellərdə forum iştirakçıları arasında maraqlı diskussiyalar aparılıb.
Qeyd edək ki, forumda “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq” və “Diplomatiya” ixtisasları üzrə təhsil alan 50 tələbə iştirak edib. Onlardan 40 nəfəri 30 fərqli ölkəni təmsil edən əcnəbi tələbədir.
Forum 5 gün davam edəcək.