11 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı -2023”-ün təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, artıq üç ildir ki, həyata keçirilən bu əhəmiyyətli layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. O, qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.
Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan ölkə kimi Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur. Maarifçilik və xeyriyyəçilik ənənələrimizdən bəhs edən nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib. Təqaüd proqramlarının əhəmiyyətindən söz açan nazir bildirib ki, bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir. O, üç ili tamam olan bu layihənin qızların təhsilinə, gələcək inkişafına töhfə baxımından vacib və simvolik rol oynadığını qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı, MM-in Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edərək, növbəti illərdə sayların daha da artacağı ümidini ifadə edib. Bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilatların, sahibkarların qoşulması, dəstək göstərənlərin sayının artması çox önəmlidir.
“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”nın bir ilinin tamam olduğunu bildirən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, təqaüd alan qızların əksəriyyərinin yüksək bal topladıqlarını bildirib. Fondun bugünədək həyata keçirdiyi layihələrdən, təqaüd proqramlarından söz açan E.Nəsibov, bu sahədə əməkdaşlıqların genişləndirildiyini, yeni qurum və təşkilatların bu fəaliyyətə cəlb olunduğunu vurğulayıb.
Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “BP”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr, təqaüd alacaq 54 tələbəyə isə sertifikatlar təqdim edilib.