“2 fevral – Gənclər Günü” münasibətilə Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbə qızlar ilə görüş baş tutub.
Görüşdə Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və layihə çərçivəsində təqaüd proqramına cəlb olunan yüksək akademik göstəricilərə malik tələbə qızlar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq gənc qızları “2 Fevral – Gənclər Günü” münasibətilə təbrik edib. E.Nəsibov çıxışı zamanı savadlı və bacarıqlı gənclərin dəstəklənməsinin Fond üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib və bu işdə tərəfdaş qurumlar ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin “Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin 100 illiyi” tədbirləri çərçivəsində formalaşması və onun ənənəsini davam etdirmək məqsədi daşıması barədə məlumat verib.
Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli layihəni xüsusi qiymətləndirərək sağlam ruhlu cəmiyyətin formalaşmasında savadlı qadınların birbaşa rolundan bəhs edib. Qadınların elmə verdikləri töhfələri vurğulayan N.Məmmədli iki müxtəlif istiqamət üzrə Nobel mükafatına layiq görülən yeganə şəxsin məhz zərif cinsin nümayəndəsi olması barədə də danışıb.
Elm və Təhsil Nazirliyi yanında İctima Şuranın sədri Günel Səfərova İkinci Qarabağ müharibəsi zamanı gənclərimizin göstərdikləri şücaət və qəhrəmanlıqları xatırladaraq təhsilli, peşəkar mütəxəssislərə müharibədən sonrakı dövrdə daha çox ehtiyac olduğunu bildirib.
Tədbir ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova və Məleykə Əlizadənin çıxışları ilə davam edib.
Görüşün yekununda tələbə qızlar təhsildəki uğurları, gözləntiləri və gələcək planlarını tədbir iştirakçıları ilə bölüşüblər, göstərilən qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.