Oktyabrın 11-də Təhsilin İnkişafı Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr – Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbir keçirilib.
Görüşdə Elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
“Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyası çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 nəfər qızın təhsilinə dəstək veriləcəkdir.
Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.
Tədbirin yekununda Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb.
Daha sonra regionlardan gələn, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 qıza sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr – Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 tələbə qıza dəstək göstərilib.