Təhsilin İnkişafı Forumunun növbəti günü, 2 noyabr 2023-cü ildə Forumun nəticələrinə həsr olunmuş dəyirmi masa keçirildi. İclas Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində baş tutdu.
Tədbirdə dövlət, universitet və sənaye qurumları, o cümlədən Elm və Təhsil nazirliyi, Təhsilin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, SOCAR, BP, NEQSOL Holding, STP, Prosol şirkətlərinin nümayəndələri iştirak etmişdir.
Forum zamanı dövlət və özəl sektor nümayəndələrinin vurğuladığı kimi innovasiya ekosisteminin qurulması, universitet-sənaye tərəfdaşlığının inkişafı istiqamətində dialoq və kommunikasiyanı təmin etmək üçün, bu sahələrdə davamlı və dayanıqlı fəaliyyətləri koordinasiya etmək məqsədilə Dialoq və Əməkdaşlıq Platformasının yaradılması təklifi irəli sürüldü və bütün iştirakçılar tərəfindən dəstəkləndi.
Dəyirmi masa iclası və müzakirələri nəticəsində Forumla bağlı icmal sənədin hazırlanması, Forumda müzakirə olunan məsələlərin davamlılığı və dayanıqlılığı, qəbul olunmuş qərarların reallaşdırılması, universitet və sənayenin maraqları və mənafelərinin nəzərə alınması, mütəxəssislərin yetişdirilməsi, tədqiqat və araşdırma, inkişaf məsələləri, platformanın strategi fəaliyət planı və ya yol xəritəsi, tədqiqat qruplarının hazırlanması, universitetlərdə rəqəmsallaşma səviyyəsi, Qlobal İnnovasiya Hesabatı və meyarlar barədə ictimaiyyətin məlumatlandırılması məsələləri təklif edildi.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali təhsil müəssisələrinin kadr yetişdirərkən və xidmətlər verərkən yerli bazarın tələblərinə cavab verməli olduqlarını qeyd etdi. Universitetlərin həmçinin qlobal bazar üçün kadr hazırlığını diqqətdə saxlamalı olduğunu səsləndirdi.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal savadlılığın artırılması, rəqəmsal alətlərdən geniş istifadənin vacibliyini vurğuladı. Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov universitet-sənaye tərəfdaşlığının 2 istiqaməti olaraq neft-qaz ölkələrinin innovasiyaya keçid təcrübəsinin araşdırılması və müvafiq fəaliyyət planının hazırlanmasını bildirdi.
Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva bu əməkdaşlıqlarda universitet-sənaye əməkdaşlığından daha çox sırf təhsil-sənaye əməkdaşlığının nəzərə alınmasının önəmini vurğulayaraq hər zaman bu təşəbbüsə açıq olduqlarını bildirdi.
Daha sonra çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov universitet-sənaye işbirliyi sahəsində icra planının hazırlanması üçün ilk növbədə cari vəziyyətin təhlil edilməsinin önəmli olduğunu, eləcə də təhlil zamanı innovasiya indikatorlarının hesabtlarından mənbə kimi istifadə edilə biləcəyini deyib.
TED Universitetinin rektoru İhsan Sabuncuoğlu tələbəyə, müəllimlərə, yenilikçi fikri olan işçilərə, mühəndislərə, ali təhsil müəssisələrinə və şirkətlərə yönəlik istiqamətlərdə təşviq mexanizmlərinin yaradılmasının zəzuriyyətini vurğuladı. Cari vəziyyət təhlil edildikdən sonra istiqamətlər prioritetləşdirilə bilər.
Yekunda, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dəyirmi masa iclasının iştirakçılarına Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının yaradılması prosesində iştiraka görə təşəkkürünü bildirdi. Platformanın məqsədləri, fəaliyyəti və hədəflərinə dair fəaliyyət proqramının hazırlanacağı və qısa müddətdə universitetlər və sənaye qurumları ilə tərəfdaşlıq nəticəsində həyata keçiriləcəyini bildirdi.