Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb.
“Maarifçi”ləri salamlayan elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Emin Əmrullayev bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır.
Elm və təhsil naziri həmçinin iştirakçılardan gözləntilər və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışıb.
Görüşdə “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.