19 dekabr 2023-cü il tarixində Davamlı İnkişaf Mərkəzində doktorantlar üçün “Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri” mövzusunda təlim keçirilib.
Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən təlimin məqsədi gənc tədqiqatçıları açıq təhsil resursları, onların prinsipləri və istifadə qaydaları, beynəlxalq indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq olub.
Tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılova, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov, Fondun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı, layihənin koordinatoru Fəridə Hüseynzadə iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova layihənin keçirilməsində əsas məqsədin keyfiyyətli elmi tədqiqatların sayının artırılması olduğunu bildirib. N.İsmayılova müasir çağırışlara cavab verən tədqiqatın ərsəyə gəlməsi üçün universitet-sənaye əməkdaşlığının vacibliyini vurğulayıb.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclərin şəxsi və peşəkar inkişafı üçün yaradılan şəraitdən söz açıb. O, bidirib ki, bu layihənin də tətbiqi gənc doktorantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək.
Təlim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova tərəfindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantları üçün keçirilib.