17 fevral 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu və “CELT Tədris və İnkişaf Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “CELT Tədris və İnkişaf Mərkəzi”nin direktoru Xəyyam Dəmirov imzalayıblar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Elnur Nəsibov vurğulayıb ki, TələbəPlus layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Sədr bu təşəbbüsün tələbələrin akademik və peşəkar inkişafına töhfə verərək yeni imkanlar yaradacağını və müsbət dəyişikliklərə təsir göstərəcəyinə əminliyini ifadə edib.
“CELT Tədris və İnkişaf Mərkəzi”nin direktoru Xəyyam Dəmirov çıxışında şirkətin fəaliyyəti barədə məlumat verərək, bu növ əməkdaşlıqların təhsil sahəsində innovasiyaların tətbiqi və gənclərin inkişafına böyük təsir edəcəyini vurğulayıb. O, həmçinin Fondun həyata keçirdiyi sosial layihələrin əhəmiyyətini yüksək qiymətləndirərək, gələcəkdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.
İmzalanmış müqaviləyə əsasən tələbələr TələbəPlus kartı ilə “CELT Tədris və İnkişaf Mərkəzi”nin bütün bütün xidmətlərinə 10% endirim, xaricdə təhsil üzrə məsləhət xidmətlərinə isə 20% endirim əldə edəcəklər.