“Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupunun Baş İcraçı Direktoru Telman Əliyev, Təhsil komitəsinin rəhbəri Sakit Səmədov və baş icraçı direktorun müşaviri Günel Quliyeva Təhsilin İnkişafı Fondunun qonağı olublar.
Telman Əliyev “Caspian Energy Club”un fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, Klub dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən, Xəzər-Qara dəniz və Baltikyanı ölkələr ərazisində fəaliyyət göstərən dinamik və inkişaf edən regional təşkilatdır.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Görüşün gedişatında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir.
E. Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. Sədr “Caspian Energy Club”la potensial əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.