13 fevral Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində “Bilişim Vadisi Bakı” Mərkəzinə üzv olan 20 şirkətin nümayəndələri ilə görüş keçirilib.
“Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonaqları salamlayaraq, görüşün əsas məqsədinin dövlət-universitet-sənaye sahəsində əməkdaşlıq imkanlarının qurulması, innovativ layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev dünyada texnopark anlayışının çox əhəmiyyətli məsələyə çevrildiyini bildirib. V.Vəliyev Bilişim Vadisi ilə əməkdaşlığın əsas hədəfinin Bilişim Vadisinə üzv şirkətlərinin Azərbaycan Texniki Universiteti, eləcə də digər universitetlərə müəyyən texnoloji dəstəyin verilməsi olduğunu vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaranması, əsas fəaliyyət istiqamətləri, hazırda icra edilən layihələr haqqında görüş iştirakçılarını məlumatlandırıb. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. E.Nəsibov iclasın keçirildiyi Davamlı İnkişaf Mərkəzinin də Fondla əməkdaşlıq çərçivəsində qurulduğunu qeyd edib.
Görüş “Bilişim Vadisi Bakı” Mərkəzinə üzv olan şirkət nümayəndələrinin təqdimatları və müzakirələrlə davam edib.