Təhsilin İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və “Baku Design Academy”nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə öyrənək” şüarı ilə “Baku EduEXPO 2024” Beynəlxalq təhsil sərgi-satış yarmarkasının açılış mərasimi keçirilib.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova açılış nitqi ilə çıxış edib. Daha sonra çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Hikmət Məmmədov dövlət-özəl əməkdaşlığının önəmindən, vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə keçirilən layihələrin əhəmiyyətindən və cari layihənin müsbət təsirləri haqqında fikirlərini bölüşüblər.
Dövlət rəsmilərinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universiteti və Bakı Ali Neft Məktəbinin rektorlarının qatıldığı sərginin ilk günündə 5000 çox ziyarətçi iştirak edib.
Sərgidə ali təhsil müəssisələri, yerli və beynəlxalq özəl məktəblər, xarici dil kursları və imtahan mərkəzləri, psixoloji xidmət göstərən mərkəzlər, xaricdə təhsil xidmətləri göstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçalar, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aid şirkətlər təmsil olunub. Sərgi-satış yarmarkası 25 may tarixində də davam edəcəkdir. Tədbirdə müxtəlif ekspertlərin çıxışları və konsert proqramının keçirilməsi nəzərdə tutulub.