01.02.2024-cü il tarixində Bakı Slavyan Universitetində Təhsilin İnkişaf Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə tərəfdaşlıq əsasında “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində imtahanı uğurla başa vuran pedaqoji heyət üzvü və təhsilalanların təltif olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev hərkəsi salamlayaraq Elm və Təhsil Nazirliyinə, Təhsilin İnkişafı Fonduna və Təhsilə Keyfiyyət Təminatı Agentiyinə layihəyə dəstək verdikləri üçün dərin təşəkkürlərini bildirib. Bakı Slavyan Universitetinin Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli sərəncamı ilə yeni istiqamətdə formalaşdırıldığından söz açan Rektor Anar Nağıyev elə həmin tarixdə 13 iyun 2023-cü il tarixində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” imzalanan üçtərəfli əməkdaşlıq müqaviləsini diqqətə çatdırıb. O, qısa müddət ərzində elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar tərəfindən layihəyə çox aktiv marağın olduğunu bildirib. Rektor “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan Təhsilin İnkişafı Forumunun önəmi, təhsilimizin gələcəyi, qloballaşan proseslərdə təhsil müəssisələrinin innovativ inkişafı mövzusunda yaradılan imkanlardan və bu istiqamətdə qurulmuş olan əməkdaşlıqlardan da danışıb.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı bildirib ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihə 7 ali təhsil müəssisəsində keçirilib, onlardan biri də Bakı Slavyan Universitetidir. Elnur Nəsibov qeyd edib ki, layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 285 nəfərə IELTS sertifkatı təqdim olunur.
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan müəllim və tələbə heyətinin təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir.
Daha sonra tədbir çərçivəsində təltifolunma mərasiminə keçid edilib. Elmi-pedaqoji heyət üzvləri və təhsilalanlar IELTS sertifkatı ilə təltif olunublar.