Bakı Slavyan Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

19 Mart 2025

Martın 18-də Bakı Slavyan Universitetində (BSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Nigar Babayeva iştirakçıları salamlayaraq, BSU ilə TİF arasında əməkdaşlığın ötən ilin sentyabr ayında imzalanan rəsmi müqavilə əsasında həyata keçirildiyini qeyd edib. O, BSU-nun TİF-lə artıq üçüncü layihəsini icra etdiyini vurğulayaraq, bu əməkdaşlığın tələbələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Nigar Babayeva çıxışında Təhsilin İnkişafı Fondunun tələbələrə hər zaman dəstək göstərdiyini və onlar üçün yeni imkanlar yaratdığını bildirib. O, Fondun bu təşəbbüslərinə görə təşəkkürünü ifadə edərək, gələcəkdə də uğurlu əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Xanım Daşdəmirova layihənin gələcək perspektivlərindən danışaraq, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

Tədbirdə çıxış edən “Fibonaççi” intellektual oyunlarının təsisçisi və direktoru Sənan Mahmudov öz uğur hekayəsi və bu yolda qazandığı təcrübədən bəhs edərək, tələbələri motivasiya edən təqdimatla çıxış edib.
Sənan Mahmudov “Fibonaççi” oyunlarının yaranma ideyası, bu yolda atdığı inovativ addımlar barəsində tələbələri məlumatlandıraraq, TələbəPlus ilə əməkdaşlıq çərçivəsində tələbələrə 75% endirimin təklif edildiyini vurğulayıb və onları bu imkandan faydalanmağa dəvət edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda çıxışçılar tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıblar.