Bakı Mühəndislik Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

17 Mart 2025

Martın 14-də Bakı Mühəndislik Universitetində (BMU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova hər kəsi salamlayaraq, “TələbəPlus” layihəsinin tələbələr üçün əhəmiyyətindən bəhs edib.  O, bu layihənin təhsil alan gənclərin gündəlik xərclərini daha səmərəli şəkildə idarə etmələrinə və müxtəlif endirimlərdən yararlanaraq sosial həyatlarını zənginləşdirmələrinə imkan verəcəyinə inandığını vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları tələbələrə çatdıraraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

Təhsil İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova “TələbəPlus” layihəsi barəsində geniş təqdimatla çıxış edib. O, “TələbəPlus” kartının məqsədi, funksiyası, tələbələr üçün təqdim edilən endirim və imtiyazlar, TələbəPlus-ın tərəfdaşları haqqında ətraflı məlumat verib. Nərgiz Qədirova vurğulayıb ki, layihə çərçivəsində tərəfdaş şəbəkəsinin genişləndirilməsi, tələbələrin həyat keyfiyyətinin artırılmasına xidmət edən yeni fürsətlərin yaradılması məqsədilə fəal şəkildə işlər davam etdirilir.

“Code Academy”nin Qəbul və Tələbə İşləri Departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, Akademiyanın fəaliyyətindən bəhs edib. O, Akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kiber təhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. “Code Academy”nin Marketinq direktoru Göktuğ Sarı “TələbəPlus” layihəsinin tərəfdaşı olan Akademiyanın 10 illiyi ilə bağlı hazırda kampaniyanın mövcüd olduğunu, bu səbəbdən müraciət edən tələbələrə 10+10 güzəştinin tətbiq edildiyini diqqətə çatdırıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.