Bakı Mühəndislik Universitetində (BMU) “CareerFest BEU 2024” adlı karyera festivalı təşkil olunub. Azərbaycanın bütün ali təhsil ocaqlarının tələbə və məzunları üçün açıq olan festivalda 104 nüfuzlu şirkət tərəfindən 1000-dən artıq aktiv vakansiya və təcrübə proqramları təqdim edilib. Tədbirdə Təhsilin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Təhsil Tələbə Krediti Fondunun və digər qurumların rəhbər şəxsləri iştirak ediblər.
Festivalın açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dövlətin gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə diqqət çəkib və Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramlarının uğurla gerçəkləşdirildiyini bildirib. Karyera festivalının tələbə və məzunlar üçün önəmini vurğulayan rektor belə tədbirlərin həm mövcud əmək bazarındakı tələbat barədə məlumat əldə etmək, həm də iş, təcrübə imkanları, müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq baxımından mühüm rol oynadığını söyləyib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil müəssisəsinin uğurunun əsas göstəricilərindən birinin əmək bazarında onun məzunlarına olan tələbatlılıq səviyyəsi ilə ölçüldüyünü bildirib. O, bugünkü karyera festivalına çoxsaylı işəgötürənin qatıldığını və bunun BMU-da verilən ali təhsilin yüksək qiymətləndirilməsinin göstəricisi olduğunu fikirlərinə əlavə edib. Fondun tələbələrin uğurlu karyera qurması və digər istiqamətlərdə həyata keçirdiyi müxtəlif layihələri nəzərə çatdıran Elnur Nəsibov sahibkarlarla ali təhsil müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsinin vacib olduğunu deyib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli təmsil etdiyi qurumun il ərzində əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində gördüyü çoxşaxəli tədbirlər barədə məlumat verib. Bu gün əmək bazarında çox ciddi transformasiyaların baş verdiyini, yanaşmaların dəyişdiyini deyən Mustafa Abbasbəyli tələbə və məzunlara bu dəyişikliklərə uyğunlaşmaqla bağlı tövsiyələrini çatdırıb.
Sonra festivalda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova, Azərbaycan Korporativ İş Adamları Birliyi idarə heyətinin sədri Şirin Şərifov, “Norm ASC”-nin insan resursları üzrə kordinatoru Ruslan Osmanlı çıxış ediblər. Çıxışlarda işəgötürənlərlə birbaşa ünsiyyətin qurulmasına əlverişli imkanlar yaradan karyera festivalının rolundan, həmçinin ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Digər universitetlərdən 2500-dən artıq məzun və tələbənin qeydiyyatdan keçdiyi, ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri tədqim edilib.