Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanmış müqaviləyə əsasən IELTS imtahanlarında uğurlu nəticə göstərən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələrinə sertifikatlar təqdim olunub.
Təqdimetmə mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, Fond tərəfindən həyata keçirilən layihələr təhsilin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. IELTS imtahanının da bu qəbildən olduğunu qeyd edən rektor AzMİU-da ingilis dilində təhsilin təşviqi və təşkili ilə bağlı görülən işlərə diqqət çəkib. Müəllim və tələbələrin ingilis dili səviyyəsinin yüksəldilməsi üçün universitet tərəfindən davamlı olaraq ödənişsiz hazırlıq kursları və imtahanlar təşkil olunur. Həmin prosesin nəticəsidir ki, artıq Universitetdə ixtisasların böyük əksəriyyəti üzrə ingilis dilində tədrisi təşkil edilir, bunun üçün müəllim potensialı formalaşdırılıb. Bundan əlavə, Universitetin Böyük Britaniyanın Lester Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan imtahanların nəticələri Avropa universitetləri tərəfindən də tanınır. Bu amil müəllim və tələbələr üçün əlavə imkanlar yaradır.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında son IELTS imtahanlarında uğur qazanan AzMİU tələbələrinin say çoxluğuna diqqət çəkərək universitetin bu istiqamətdəki fəaliyyətini təqdir edib. Daha sonra Elnur Nəsibov Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib və gələcək əməkdaşlıq imkanları barədə danışıb.
Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatlar təqdim olunub.