“NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə, Azərbaycanda innovativ tədris proqramları təqdim edəcək “Peerstack Academy” adlı yeni və inqilabi İT təhsil layihəsi yaradılıb. Bu layihə “peer-to-peer” modeli əsasında həyata keçirilir.
“Peerstack Academy” tədris prosesi iştirakçıların birgə çalışmasına əsaslanan və dünya miqyasında tanınan “Qwasar Silicon Valley” platformasından istifadə edən bir tədris metodikasını təklif edir. Bu yanaşma tələbələrə komanda ilə iş bacarıqlarını inkişaf etdirməyə və tədris proqramını uğurla mənimsəməyə kömək edəcəkdir.
Qeyd edək ki, “Qwasar Silicon Valley”, Şimali Amerikada İT təhsili sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Bu layihə çərçivəsində dünya üzrə 25 000-dən çox iştirakçıya təlim keçirilmişdir. “Qwasar Silicon Valley”nin təsisçisi Kvame Yamgnane həmçinin, innovativ İT tədris metodları ilə beynəlxalq səviyyədə tanınmış “42 school” məktəbinin həmtəsisçisidir. Kvame və komandası bu zəngin təcrübəyə və “42 school”un uğurlu nəticələrinə əsaslanaraq, tələbələrin inkişafını və nəticələrini daha da səmərəli etmək üçün təsdiqlənmiş metodologiyalar tətbiq edib.
Tədris haqqının böyük bir hissəsi “NEQSOL Academy” tərəfindən qarşılanacaqdır. İlk mərhələdə proqramdan 250 iştirakçının yararlanması nəzərdə tutulub. Dərslər Azərbaycan Texniki Universitetinin yeni kampusunda layihə üçün xüsusi ayrılmış məkanda keçiriləcəkdir.
“Peerstack Academy” haqqında daha ətraflı məlumatı akademiyanın rəsmi saytından (peerstack.tech) və sosial media hesablarından əldə etmək mümkündür (facebook.com/peerstack.tech, instagram.com/peerstack.tech və linkedin.com/company/peerstack-academy/).