Bakıda keçirilən “InMerge Innovation Summit”i çərçivəsində Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.
İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.
Memorandumun məqsədi ölkədə sahibkarlıq mühitini formalaşdırmaq, maliyyələşməni tam funksional vəziyyətə gətirməkdir.
Sənədə əsasən tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa Giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.