Azərbaycan Rəssamlıq Akademiyası ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.
İmzalanma mərasimində çıxış edən rektor Natiq Əliyev təhsil sahəsindəki son nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət açıb. Rektor qeyd edib ki, Azərbaycan Rəssamlıq Akademiyası son illərdə tədris prosesində və mədəni sahədə böyük uğurlara imza atır, bu uğurlar tələbələrimizin inkişafına və yaradıcılıqlarının daha da təşviqinə xidmət edir. Sonuncu böyük addımlardan biri, COP 29 çərçivəsində keçirilən “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi oldu. Sərgidə tələbələrimizin yüksək səviyyədə rəngkarlıq işləri nümayiş olundu və bu sərgi tələbələrə böyük ruh verməklə yanaşı, akademiyanın sənət təhsili sahəsində də nə qədər irəlilədiyinin göstəricisi oldu.
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, Fondun əsas missiyası təhsilin dayanıqlı inkişafına nail olmaq, dövlətin təhsil siyasətinin təmin edilməsində yaxından iştirak etməkdir. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi “TələbəPlus” layihəsi tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıyır.
Elnur Nəsibov qeyd edib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə müəyyən istiqamətlərdə tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Hazırda ictimai nəqliyyatda da güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılır. “TələbəPlus” layihəsi çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Tələbələrin sosial və akademik həyatında yenilik yaratmağa yönələn “TələbəPlus” kartlarının oktyabr ayının sonundan ilkin istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə “TələbəPlus” kartının ali təhsil müəssisələri ilə yanaşı, kollec və peşə təhsili müəssisələrində oxuyan tələbələrə də mərhələli şəkildə verilməsi nəzərdə tutulur.