Azərbaycan Milli Konservatoriyası ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
13 yanvar 2025-ci il tarixində baş tutan imzalama mərasimində AMK və TİF-in rəhbərliyi, Kapital Bankın nümayəndələri, AMK-nın Elmi Şura üzvləri və professor-müəllim heyəti iştirak ediblər.
Görüş zamanı AMK-nın rektoru – əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə Təhsilin İnkişafı Fondu, Kapital Bank, və “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkətinə minnətdarlığını bildirib, vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühüm yeniliklərə imza atacağını, tələbələrin akademik və sosial imkanlarını genişləndirməyə kömək edəcəyini qeyd edib.
Konservatoriyanın bu il öz 25 illik yubileyi ərəfəsində olduğunu vurğulayan rektor, dörddə bir əsrdir fəaliyyət göstərən təhsil ocağının min əsrlik musiqi tarixçəsini tədris etməklə yaşatdığını bildirib.
Çıxışın ardından Təhsilin İnkişafı Fondunun fəaliyyəti və layihələrini əks etdirən videoçarx izlənilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz çıxışında “TələbəPlus”un imtiyazlarından bəhs edib və AMK ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Elnur Nəsibov “TələbəPlus” kartının sahiblərinin alış-veriş mərkəzlərində, müxtəlif iaşə obyektlərində, eləcə də, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında xüsusi güzəştlər əldə edəcəklərini vurğulayıb.
Müzakirələrdən sonra AMK-nın rektoru Kamilə Dadaş-zadə və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinə imza atıblar.