Təhsilin İnkişafı Fondunun rəhbər heyəti Azərbaycan Banklar Assosiasiyasının qonağı olub.
ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Baş iqtisadçısı Əzizağa Haxverdiyev, eyni zamanda TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və Fondun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova görüşdə iştirak ediblər.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilən ABA-nın əsas məqsədinin üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olduğunu bildirib. Z.Nuriyev hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilatın ABA-nın üzvü olduğunu diqqətə çatdırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir. Təhsilin İnkişafı Fondunun həm dövlət, həm özəl şirkətlər ilə əməkdaşlığa açıq olduğunu qeyd edən sədr, tərəfdaşlarla birgə sosial və biznes yönlü layihələrin həyata keçirildiyini vurğulayıb.
Görüş çərçivəsində bank sektoru üçün kadr hazırlığı imkanları, həmçinin də maliyyə savadlığının artırılması məsələləri, ümumilikdə ABA və TİF arasında əməkdaşlıq imkanları müzakirə edilib.