Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) Məşvərət Şurasının ilk iclası 14 iyul 2022-ci il tarixdə keçirilib.
İclasda Məşvərət Şurasının sədri, təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavini İdris İsayev, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyev, Təhsilin iqtisadiyyatı və statistikası şöbəsinin müdiri Kənan Kərimzadə, Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov iştirak ediblər.
Təhsil naziri E.Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyul 2021-ci il tarixdə imzaladığı Fərmanı ilə yaradılmış Təhsilin İnkişafı Fondunun məqsədləri, təhsil sisteminin inkişafında qurumun rolu, dövlət təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılması, eləcə də təhsil və iqtisadiyyat arasında inteqrasiyasının güclənməsi vacibliyini qeyd edib. Nazir, həmçinin, Fondun gələcək prioritet fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini Şura üzvləri ilə bölüşüb.
TİF İdarə Heyətinin sədri E.Nəsibov qurumun məqsədi, fəaliyyətləri, yaradılması, görülmüş təşkilati işlər barədə Məşvərət Şurası üzvlərinə təqdimat etdi. Sədr bildirdi ki, qurumun strateji məqsədləri və planını hazırlamaq məqsədilə ali və orta ixtisas təhsil müəssisələrinin iştirakı ilə dəyirmi masa görüşləri keçiriləcəkdir. Bundan əlavə, Təhsilin İnkişafı Fondunun digər dövlət və özəl qurumlarla tərəfdaşlıq imkanları və perspektivləri barədə məlumat təqdim olunub.
Ali təhsil müəssisələrinin rektorları, Məşvərət Şurasının digər üzvləri də Fondun məqsədləri, gələcək fəaliyyətləri və gözləntilər barədə müzakirələrdə iştirak ediblər.