Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsilin İnkişafı Fondunun qonağı olublar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun əsas məqsədləri, strategiyası, fəaliyyət istiqamətləri və gələcək planları haqqında qonaqlara məlumat verib.
Bildirilib ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 14 iyul 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, həmçinin təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etməkdən ibarətdir.
Görüş zamanı Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Azərbaycan Mətbuat Şurası arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icra edilməsi mövzusunda müzakirələr aparılıb.