Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Koordinatoru Fatih Yılmaz və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında görüş keçirilib.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və məqsədləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2022-ci il tarixli qərarı ilə yaradılıb. Fondun əsas vəzifəsi təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etmək, nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım etməkdən ibarətdir.
Görüşdə Azərbaycanın və Türkiyənin təhsil sahəsindəki uğurlarına toxunulub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.