Azərbaycan Texnologiya Universitetində (ATU) pedaqoji və inzibati heyətin iştirakı ilə “TəhsilPlus” kartı mövzusunda müzakirə formatında görüş təşkil edilib. Görüşdə təhsil işçiləri üçün müxtəlif güzəşt və imtiyazlar təqdim edən yeni layihə ətrafında fikir mübadiləsi aparılıb.
Təhsilin İnkişafı Fondunun İnzibati idarəetmə şöbəsinin müdiri Ramin Cəfərov giriş nitqi ilə çıxış edərək, təhsil işçiləri üçün tətbiq olunacaq güzəşt sahələri haqqında məlumat verib. “Layihənin əsas məqsədi yalnız güzəşt imkanları təqdim etməklə məhdudlaşmır, eyni zamanda müəllimlik peşəsinin ictimai nüfuzunun artırılmasına, təhsil işçilərinə göstərilən diqqət və dəyərin gücləndirilməsinə xidmət edir.” – deyə Ramin Cəfərov çıxışında bildirib.
Layihənin paytaxtla yanaşı, regionlarda fəaliyyət göstərən təhsil işçilərinin də güzəştli imkanlardan faydalanmasını təmin edərək, bərabər dəstək prinsipi əsasında qurulması görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra geniş müzakirələr aparılıb, müəllimlərin rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) tərəfdaşlığı ilə həyata keçirilir.